akademik Firudin Köçərli .

Daha bir uğurlu addım.

 

Adil Əsədovun Siyasətin fəlsəfəsi adlandırdığı əsər bilavasitə olaraq sosial təşkilatlanmanın fəlsəfi mənalandırılması ilə, dolayısı ilə isə aristokratik siyasi təfəkkürün substansial əsaslarının aşkarlanması  ilə bağlıdır.

Monoqrafiyanın ən səciyyəvi cəhəti ondadır ki, konkret fəlsəfi problem burada fəlsəfənin bütövlükdə təqdimatı zəminində verilir. Bu isə eyni zamanda həm də fəlsəfənin bir bütöv bilik tipi kimi sintetik əsasda qavranılmasına kömək edir.

Siyasətin fəlsəfi mənalandırılması ilə bağlı öz axtarışlarının çıxış nöqtəsini müəllif həyat fəlsəfəsinin epistemoloji prinsiplərində görür, subyektin daxili həyat axını ilə bu axının xarici dünyadakı təsdiqi arasındakı ziddiyyəti hər cür təfəkkürün, o cümlədən siyasi təfəkkürün real zəmini kimi verir.

Belə bir epistomoloji müqəddimə Adil Əsədovda uyğun ontoloji prinsiplərlə bağlanır: Substansial həyat ilə dünyada gerçəkləşmiş həyat arasındakı ziddiyyət subyektin dünya ilə yanaşı mövcudluq qaydasından asılı olaraq hər bir dövrdə konkret problem formasında qavranılır və bu və ya digər mütləq varlıq modelləri həmin qavranılmanın elementi kimi çıxış edir. İnsan təfəkkürü özünün hər bir inkişaf mərhələsində bu və ya digər mütləq varlıq və onu ifadə edə bilən mütləq bilik modelini yaradır. Qədim dövrdə Dünya ruhu, Orta əsrlərdə Vahid Tanrı, Yeni dövrdə isə Materiya mütləq varlıq kimi qiymətləndirilmiş, qalan hər şeyin isə onun təzahür forması olduğu güman edilmişdir. Bu modellər uyğun dövrlərin dünyagörüşünü doğurmuşdur.

Ontoloji prinsiplərin və ona uyğun gələn epistemoloji qaydaların – «metafizik müqəddimə»nin – Adil Əsədov tərəfindən təklif olunan təkamülünü düzgün anlamaq üçün «qədim dövr», «orta əsrlər» «Yeni dövr» anlayışlarının onun tərəfindən yenidən mənalandırılması ilə bağlı semantikanı xatırlamaq lazım gəlir. «Metafizik müqəddimə»dən siyasi fəlsəfəyə məntiqi keçid Adil Əsədovda bu semantika vasitəsilə həyata keçirilir. Burada Qədim dövr cəngavərliyin, Orta əsrlər icma mədəniyyətinin, Yeni dövr isə sivilizasiyanın – şəhərliliyin üstünlüyü və aparıcı mövqeyi ilə səciyyələndirilir və dövrlərin təbii ardıcıllığının başqa bir sxemi – «Qədim dövr – Yeni dövr – Orta əsrlər» sxemi təklif olunur.

Adil Əsədov Qədim dövrün başlanğıcını dövlətin yaranması ilə bağlayır və hər bir dövlətin aristokratizmin təşəkkülündən tükənməsinə doğru istiqamətlənən tarixi yol keçdiyini qeyd edir. Siyasi aristokratizmin qismən tükənməsi ilə şərtlənən demokratizm Yeni dövrün başlanğıcını, tam tükənməsi ilə şərtlənən kolinializm isə sonunu təşkil edir. Kolonializmdə xalqın rəiyyətlik duyğusu korşalır, bəndəlik duyğusu isə son dərəcə inkişaf edir. İnsanlığın siyasi hakimiyyətdən üz döndərərək fövqəlbəşər aristokratizmə – ilahi qüdrətə – üz tutması və sığınması isə Orta əsrlərin mahiyyəti kimi şərh edilir.

Dövlətin mahiyyətini sinfi mübarizədə görən ən'ənəvi marksist nəzəriyyədən fərqli olaraq Adil Əsədov təsdiq edir ki, dövlətin mahiyyəti heç də onun zorakılıq aparatı olmasında deyildir, himayə sistemi olmasındadır, insanlar dövlətin varlığını yalnız azğınlıqdan və təcavüzdən mühafizə olunduqları halda hiss edirlər.

Siyasi mahiyyətin məhz belə bir anlaşılma modeli kimi müəllif aristokratik siyasi doktrinanı ön plana çıxarır və aristokratizmi siyasi təfəkkürün ilkin və əzəli forması kimi təqdim edir. Müəllif birmə'nalı olaraq təsdiq edir ki, dövlət yalnız aristokratik təfəkkür prinsipləri əsasında fəaliyyət göstərdikdə öz mahiyyəti və mövcudluğu arasında uyğunluğa nail olur. Tiranik, demokratik və kommunistik təfəkkür əsasında fəaliyyət göstərən dövlətin mahiyyəti və mövcudluğu arasındakı münasibətlər isə ziddiyyət kimi səciyyələndirir. Tiranizm, demokratizm və kommunizm xarakterini kəsb etməklə, siyasi təfəkkür özünün tarixi təhrif formalarını yaradır. Əgər cəmiyyəti hərəkətə gətirən siyasi instinktlər nəcib təbiətlidirsə, xilaskar təbiətlidirsə, ədalətli əxlaqa istinad edirsə, intellektual qüdrətdən doğursa və yenilməz iradə ilə gerçəkləşdirilirsə, dövlət öz həqiqi mahiyyətinə qovuşmuş olur, əks halda isə ədalətsizliyin dayağına çevrilərək eybəcərləşir.

Aristokratizm və demokratizm arasında müəllif tərəfindən aparılan paralellər də maraqlıdır. Müəllifin özünün obrazlı ifadəsinə görə, aristokratizm haqqa və əxlaqın mütləqliyinə, demokratizm isə – rasional praqmatizmə, formal olaraq isə, - hüquqa və qanuna istinad edir. Aristokratizm maskulin dəyərlərə, demokratizm isə feminin dəyərlərə söykənir.

Dövlətin öz təbii inkişafında gəlib keçdiyi təkamül mərhələlərinin hər birində müəyyən siyasi təfəkkür tipi aparıcı mövqeyə malik olur və uyğun siyasi strukturların xüsusiyyətini müəyyənləşdirir. Adil Əsədov tərəfindən nəzərdən keçirilən dörd siyasi doktrinadan – kommunistik, tiranik, demokratik və aristokratik doktrinalardan hər biri bu təfəkkür tiplərindən birinin əsasında qurulur və uyğun mərhələni nəzəri olaraq ideallaşdırır, dövlətin mahiyyətini və mə'nasını həmin mərhələdə görür. Aristokratik siyasi doktrina dövlətin təşəkkül mərhələsini, tiranik siyasi doktrina siyasi hakimiyyətin formalaşma mərhələsini, demokratik siyasi doktrina vətəndaş cəmiyyətinə keçid mərhələsini, kommunistik siyasi doktrina isə – tənəzzül mərhələsini daha yaxşı ifadə edir.

İdeal dövlət kommunistik siyasi doktrinada əxlaq ideyasının, tiranik siyasi doktrinada mərdlik ideyasının, demokratik siyasi doktrinada qanun ideyasının, aristokratik siyasi doktrinada isə insanın təbii tə'yinatı ideyasının təcəssümü kimi təqdim olunur.

Dövlətin yaranması və mövcudluğu ilə ailənin yaranması və mövcudluğu arasında Adil Əsədov tərəfindən aparılmış paralellər də son dərəcə inanadırıcı və maraqlıdır.

Müəllifin «dövlət sosial həyatda maskulin  feminin başlanğıcların vahid bir axına qoşulması ilə öz tarixini başlayır» tezisi yenidir və dəqqətəlayiqdir. Köçərilik prinsiplərinin mütləqləşdirilməsi üzərində qurulmuş cəngavər mədəniyyəti burada sosial həyatın maskulin başlanğıcı kimi, əkinçi həyat tərzi zəminində təşəkkül tapmış icma mədəniyyəti isə sosial həyatda feminin başlanğıcın mücəssəməsi kimi təqdim olunur.

Etnogenezin siyasi şərhi ilə bağlı müəllif mövqeyi də son dərəcə maraqlıdır. Müəllif xalqın formalaşmasını siyasi hadisə kimi verir və elə bu səbəbdən onu uyğun dövlətin meydana gəlməsi ilə bağlayır.

Əsərin mühüm əlamətlərindən biri burada ifadə olunan fikirlərin həyatiliyidir. Müəllif hansısa mövzunu araşdırmaqla kifayətlənmir, həyatın, daha doğrusu real insan həyatının doğurduğu həqiqi fəlsəfi problemlər üzərində düşünür. Aristokratizm, demokratizm, kommunizm ideyaların müəllif tərəfindən yenidən mə'nalandırılması son dərəcə orijinaldır.


Monoqrafiyada haqqında bəhs olunan bütün mövzular və altmövzular müəllifin təfəkkür süzgəcindən keçirilərək verilir. Adil Əsədov tərəfindən hadisələrə verilən  səciyyələr onlara bu vaxta qədər verilən səciyyələrin heç birinə bənzəmir.

 

 

 

“Azərbaycan” qəzeti, 24 fevral 2002-ci il.

 

.